Astarada VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri keçirilir
- 22 aprel, 2023
- 13:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Astarada VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri keçirilir.
“Report”un Cənub bürosunun məlumatına görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbirdə dövlət rəsmiləri ilə yanaşı, tibb sahəsində çalışan mütəxəssislər iştirak edir.
Konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Astarada ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, əbədiyaşar lider Heydər Əliyevə həsr edilən sənədli film nümayiş olunub.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev beynəlxalq konfransın rayonda keçirilməsinin önəminə toxunub. O, Ulu Öndər Heydər Əliyevin bölgələrdə səhiyyə sahəsinin inkişafı istiqamətində əvəzsiz işlər gördüyünü xatırladıb: “Onun ölkə vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi məqsədilə həyata keçirdiyi islahatlar tarixi varislik missiyasının əsas hissəsi olub”.
Mərkəzi Gömrük Hospitalının Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov müasir Azərbaycanın qurucusu Heydər Əliyevin dövlətçiliyimizin yaranmasındakı xidmətlərindən danışıb: “Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev qısa zamanda unudulmuş digər sahələr kimi, ölkə səhiyyəsinə də yeni nəfəs verdi. Xalqın sağlamlığının digər taleyüklü məsələlər kimi öndə olması, ixtisaslı milli kadrların hazırlanması prosesi, habelə, ölkənin səhiyyə sisteminin müasir çağırışlar fonunda inkişaf etdirilməsi Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri idi. Məhz onun birbaşa rəhbərliyi altında böyük gənclik ordusunun xarici ölkələrdə yüksək tibbi təhsil arxasınca göndərilməsi kimi tarixi qərar sonrakı dövrdə ölkə səhiyyəsinin üzləşə biləcəyi kadr çatışmazlığının qarşısının alınmasına hesablanmış əvəzsiz xidmət nümunəsi idi”.
TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilov Ulu Öndər Heydər Əliyevin ölkənin səhiyyə sferasını əhatə edən köklü islahatların həyata keçirilməsində rolu və müstəsna xidmətlərinin tibb işçiləri tərəfindən böyük minnətdarlıqla anıldığını söyləyib.
Sonra səhiyyə naziri Teymur Musayev və Özbəkistanın səhiyyə naziri İnoyatov Amrillo Shodievichin iştirakçılara video müraciətləri nümayiş olunub.
Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov Özbəkistan səhiyyəsinin inkişafında göstərdiyi xidmətlərə görə Özbəkistanın Səhiyyə Nazirliyi tərəfindən medalla təltif edilib.
Daha sonra Heydər Əliyev Fondu üçün xüsusi təsis edilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilən xatirə hədiyyəsini Özbəkistanın səhiyyə nazirinin müavini Abrorcon Alicanov Rəşad Mahmudova təqdim edib.
Tədbir plenar iclaslar və mədəni proqramla davam edib.
Qeyd edək ki, konqres işini sabah Astara, Lerik və Masallı Rayon Mərkəzi Xəstəxanalarında treyninq və ustad dərsləri ilə davam etdirəcək. Treyninq və ustad dərsləri çərçivəsində 12 ixtisas üzrə təlimlər keçiriləcək və regionda ilk dəfə icra olunacaq endoskopik əməliyyat plenar iclas zalına birbaşa translyasiya olunacaq və interaktiv müzakirə ediləcək.
Tədbirin digər hissəsi aprelin 24-25-də Bakıda keçiriləcək.