Səhiyyə Nazirliyi: 54 yaralı Təcili Tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib

Sağlamlıq
  • 19 may, 2015
  • 10:58
Səhiyyə Nazirliyi: 54 yaralı Təcili Tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib

Bakı. 19 may. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar 54 nəfər yaralı Təcili Tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova "Report"a bildirib ki, bütün lazımi tibbi müdaxiləyə, həkimlərin səylərinə baxmayaraq, aldıqları müxtəlif bədən xəsarətlərindən 16 nəfər dünyasını dəyişib.

Hazırda yaralıların əksəriyyəti - 32 nəfəri 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 5 nəfəri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 2 nəfər 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına (BŞX), 1 nəfər isə Yanıq şöbəsinə yerləşdirilib.

Digər 10 nəfərə isə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.

Yanğın başlanan andan etibarən, hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqadamız hazır vəziyyətdə hadisə yerində qalır.