Zelenski müharibədən zərər çəkənlərə yardım üçün xüsusi qərargah yaradıb
- 02 mart, 2022
- 22:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının ölkəsinə hücumu ilə əlaqədar vətəndaşlara çətin həyat şəraitindən çıxmağa kömək edəcək humanitar və sosial məsələlər üzrə əlaqələndirici qərargahın yaradılması haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Ukraynanın bəzi şəhər və kəndlərində Rusiyanın hərbi müdaxiləsi ilə əlaqədar son dərəcə çətin humanitar vəziyyət yaranıb. Bir çoxları evlərini itirib və ya su, qida, dərman və zəruri tələbat mallarından məhrum olublar. Zərər çəkmiş vətəndaşlara yardımın effektiv göstərilməsi məqsədilə dövlət başçısı könüllülərin təşəbbüslərini, beynəlxalq humanitar təşkilatların humanitar ehtiyaclarının və ianələrinin Milli Bank tərəfindən xüsusi yaradılmış hesabdan maliyyələşməsini operativ şəkildə əlaqələndirəcək humanitar və sosial məsələlər üzrə koordinasiya qərargahı yaratdı”, - xəbərdə deyilir.
Qərargah üç istiqamətdə fəaliyyət göstərəcək: xarici hökumətlərdən və beynəlxalq təşkilatlardan humanitar yardım; böyük biznesdən hərbi idarələrə və icmalara yardım; hakimiyyət orqanlarından hərbi idarələrə və icmalara yardım.
Koordinasiya Qərargahının rəhbəri vəzifəsinə Prezident Ofisinin rəhbəri Andrey Yermak təyin edilib.