Zaur Əhmədov: TRIPP-in işə salınması Finlandiya biznesi üçün imkanları genişləndirəcək
- 11 sentyabr, 2025
- 16:08

Finlandiyalı ixracatçılar TRIPP ("Tramp marşrutu") layihəsi sayəsində Asiyaya daha diversifikasiya olunmuş marşrutlara çıxış əldə edəcəklər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Finlandiyadakı səfiri Zaur Əhmədovun "Daily Finland" nəşri üçün məqaləsində deyilir.
"TRIPP-in istifadəyə verilməsi və Orta Dəhlizin gücləndirilməsi ilə finlandiyalı ixracatçılar Asiyaya daha diversifikasiya olunmuş marşrutlara çıxış əldə edəcəklər. Bu, yeni bazarlar, həmçinin daha qısa, təhlükəsiz və ekoloji cəhətdən təmiz nəqliyyat əlaqələri deməkdir", - səfir qeyd edib.
O izah edib ki, TRIPP-in istifadəyə verilməsindən sonra Orta Dəhlizin ümumi ötürücülük qabiliyyəti artacaq: "Bu da daha sürətli və təhlükəsiz təchizat zəncirləri sayəsində Finlandiya şirkətləri üçün yeni imkanlar yaradacaq".
Diplomat, həmçinin vurğulayıb ki, ABŞ Prezidentinin vasitəçiliyi ilə Ağ Evdə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan birgə bəyannamə Cənubi Qafqaz tarixində "yeni səhifə" açır.
"Vaşinqtondakı irəliləyiş və ATƏT-in Minsk qrupunun mövcudluğunun dayandırılması yeni bir başlanğıcı işarə edir. Region geosiyasi risk zonasından çıxaraq müəyyən sülh prosesi mərhələsinə keçib və növbəti addımlar artıq razılaşdırılıb. Beləliklə, Cənubi Qafqaz indi Avropa və Asiya arasında körpü olmaq, ticarət, əməkdaşlıq və mədəni mübadilə üçün qapılar açmaq imkanına malikdir", - Z.Əhmədov vurğulayıb.