Azərbaycan diaspor rəhbərinin oğlu iki aylıq həbs edilib – YENİLƏNİB-4

Region
  • 16 iyul, 2025
  • 19:35
Azərbaycan diaspor rəhbərinin oğlu iki aylıq həbs edilib – YENİLƏNİB-4

Yekaterinburqun Lenin rayon məhkəməsi Mutvalı Şıxlinski barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

“Report”un Rusiya bürosunun məlumatına görə, qərar qüvvəyə minməyib və apellyasiya qaydasında şikayət verilə bilər.

Xatırladaq ki, M.Şıxlinski xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.

18:52

Mutvalı Şıxlinski məhkəmənin açıq hissəsində hadisənin necə baş verdiyini deyib:

“Mən bunu bilərəkdən etməmişəm. Mən onu görmürdüm. O, məndən sağda olub. Mən bunu sonradan bilmişəm”.

Xatırladaq ki, M.Şıxlinski xüsusi təyinatlını avtomobillə vurmaqda ittiham olunur.

18:08

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski yenidən məhkəməyə gətirilib.

Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.

Məlumata görə, jurnalistlər məhkəmə zalından çıxarılıblar və proses qapalı keçiriləcək.

15:40

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski barədə qərar qəbul edilməsi üçün keçiriləcək məhkəmə prosesi təxirə salınıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, məhkəmə yerli vaxtla saat 16:00-da keçirilməli idi. Hələlik prosesin keçiriləcəyi saat məlum deyil.

15:07

Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski məhkəməyə gətirilib.

“Report”un Rusiya bürosunun məlumatına görə, o, saxlanılan zaman “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.

Məhkəmə prosesi başlayıb.

11:24

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.

"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", - agentliyin həmsöhbəti bildirib.

Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.

Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılıb. Daha sonra o azad edilib.