XİN: “Gürcüstan Rusiya ilə birgə “3+3” formatında iştirakı nəzərdən keçirməyəcək”

Region
  • 09 oktyabr, 2021
  • 15:41
XİN: “Gürcüstan Rusiya ilə birgə “3+3” formatında iştirakı nəzərdən keçirməyəcək”

“Gürcüstan Rusiya ilə birgə “3+3” formatında iştirak məsələsini nəzərdən keçirməyəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunub ki, XİN nazir David Zalkalianinin oktyabrın 7-də Birinci kanala müsahibəsində “Gürcüstan “3+3” formatında hansısa formada təmsil olunmalıdır” sözlərini deməsi barədə məlumatı təsdiqləmir.

Bəyanatda həmçinin vurğulanıb ki, Gürcüstan regionda mühüm rol və funksiya yerinə yetirir: “Burada ölkənin Asiya və Avropanın birləşdirilməsində önəmli rol oynayan, Gürcüstanın iqtisadi və siyasi müstəqilliyinə əhəmiyyətli töhfə verən strateji vacib layihələrdə iştirakını nəzərədə tuturuq. Bundan başqa, Gürcüstanın baş naziri BMT-nin Baş Assambleyasında qarşılıqlı hörmət və bərabərliyə əsaslanan və bölgədə sülh və sabitliyin bərpasına yönəlmiş Dinc Qonşuluq Təşəbbüsünü təqdim edib”.