V Tbilisi İpək Yolu Forumu çərçivəsində ilk dəfə Maliyyə Sammiti keçirilib
- 23 oktyabr, 2025
- 11:38

V Tbilisi İpək Yolu Forumu çərçivəsində ilk dəfə Tbilisi Maliyyə Sammiti keçirilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbir Gürcüstanın Baş naziri İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili və Gürcüstan Milli Bankının prezidenti Natia Turvananın salamlama nitqləri ilə açılıb.
Sammitin əsas mövzusu gələcəyin maliyyə texnologiyalarının inkişafı, regionda innovativ infrastrukturun formalaşdırılması və Orta Dəhlizin qlobal ticarət və rəqəmsal maliyyə üçün əsas mərkəzə çevrilməsi olub.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən mərkəzi bank rəhbərləri, maliyyə sektorunun nümayəndələri, iri şirkətlərin təmsilçiləri və ekspertlər iştirak ediblər.
İqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili çıxışı zamanı Gürcüstanın innovasiya və yüksək texnologiyalar sahəsində həyata keçirdiyi islahatlardan danışıb. Onun sözlərinə görə, dövlət innovativ startapların və yüksək texnologiyalı layihələrin inkişafına fəal dəstək verir.
Tbilisi Maliyyə Sammiti regionun maliyyə və innovasiya ekosistemində yeni əməkdaşlıq imkanları yaratmaqla yanaşı, Gürcüstanın Cənubi Qafqazda rəqəmsal və iqtisadi əlaqələrin mərkəzinə çevrilməsi istiqamətində növbəti addım kimi qiymətləndirilir.