Ukraynalı siyasətçilərdən fransız merə irad: "Onun arxasında erməni diasporu dayanır"

Region
  • 13 oktyabr, 2023
  • 11:16
Ukraynalı siyasətçilərdən fransız merə irad: Onun arxasında erməni diasporu dayanır

Fransanın son zamanlar Azərbaycana qarşı qərəzli mövqeyi dünya siyasətçilərinin də diqqətini çəkib. Xüsusilə ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək ərazi bütövlüyümüzə dəstək ifadə etməsindən sonra Fransanın Vien şəhər meriyası buna etiraz olaraq ötən il qaldırdığı Ukrayna bayrağını nümayişkaranə endirməsi ukraynalı siyasətçilərin təəssüfünə səbəb olub.

Ukrayna Ali Radasının hakim “Xalqın xidmətçisi” Partiyasından olan deputatı Yuri Kamelçuk "Report"un Şərqi Avropa bürosuna bildirib ki, fransız siyasətçilərin Azərbaycanın suverenliyinə qarşı belə qərəzi onu və həmkarlarını çox təəssüfləndirir: "Sərhədləri BMT-nin bütün üzvləri, eləcə də müxtəlif Avropa qətnamələri ilə tanınan ölkələrin ərazi müstəqilliyinə qarşı bəzən müxtəlif qərəzli şərhləri görmək bizdə təəssüf doğurur. O cümlədən Fransa tərəfindən Azərbaycana qarşı. Bu dəfə də Fransanın Vien şəhərinin merinin belə bir mövqeyini görürük. Gələcəkdə bu vəziyyət dəyişəcək? Bəli. Mən belə hesab edirəm, çünki heç kim beynəlxalq prinsiplərə zidd gedə bilməz. Amma hazırda bu, yalnız fransızların, o şəhərin merinin mövqeyidir. Ukrayna bayrağının endirilməsinə gəldikdə, bu, Fransanın mövqeyi deyil. Bu, bəlkə də merin dünya siyasətini başa düşməməsindən irəli gəlir. Azərbaycan öz müstəqilliyi uğrunda mübarizə aparıb və buna nail olub. Azərbaycan Ermənistanın işğalına məruz qalmışdı və bizim dostlarımızın (azərbaycanlıların-müəllif) Qarabağla bağlı problemi var idi. Artıq o, həll olunub. Bunu sadəcə başa düşmək lazımdır. Hazırda Azərbaycan BMT-nin bütün ölkələri tərəfindən tanınan qanuni suveren ərazilərini işğaldan azad edib.

Siyasi şərhçi Maksim Yali isə "Report"a bunun arxasında erməni diasporunun olduğunu deyir: "Vien şəhərinin merinin belə bəyanatları və addımlarına rəsmi Kiyev təmkinli yanaşır. Birincisi, bu açıqlamalar reallığı əks etdirmir. Belə ki, iddialara əsasən, guya Azərbaycan enerji sahəsində yardım çərçivəsində Ukraynaya Rusiya təbii qazı tədarük edir. Üstəlik, guya bu, Ukraynaya 1,5 dəfə baha satılır. Bu, ağ yalandır. Fransa şəhərinin meri anlamır ki, Azərbaycanla Ukrayna arasında ümumi təbii qaz tədarükü şəbəkəsi yoxdur. Ukraynanın yüksək qiymətləndirdiyi Azərbaycanın yardımı neft və neft məhsulları ilə bağlıdır. Bu, enerji böhranından yan keçmək üçün bizə çox vacibdir.
Üstəlik, bu, bəlkə də, Ukrayna hərbi texnikasının yanacağa olan tələbatını ödəmək üçün də istifadə olunur. Bir sözlə, Azərbaycandan enerji resurslarının tədarükü iki ölkə arasında humanitar sahədə əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Əlbəttə ki, rəsmi Kiyev bunu yüksək qiymətləndirir. İkincisi, başa düşmək lazımdır ki, belə bəyanatlar lokal xarakter daşıyır. Bu, əslində, Fransanın daxili siyasəti ilə bağlıdır. Çünki Fransanın bu prefekturasında çox sayda erməni yaşayır. Güman ki, bu bəyanatların arxasında da məhz erməni diasporu dayanır. Çünki bu siyasətçinin sponsoru məhz onlardır. Onların məqsədi ikitərəfli münasibətlərimizə zərbə vurmaqdır. Belə bəyanatlara diqqət yetirməməyimizin səbəbi odur ki, bu, Fransa ilə Ukrayna arasında ikitərəfli əlaqələrə təsir göstərmir. Fransa prezidenti Emmanuel Makron bununla bağlı açıqlama verməyib. Biz bu ölkədən həm maliyyə, həm də hərbi yardım alırıq.

Əlbəttə ki, Fransanın yüksək səviyyəli rəsmiləri tərəfindən belə açıqlamalar verilsəydi, bu, Ukraynanın daxili məsələsinə müdaxilə kimi qəbul olunardı. Fransa Prezidentinin Administrasiyası bunu yaxşı anlayır. Erməni lobbisinin Fransada güclü mövqelərinin olmasına baxmayaraq, iki ölkənin əlaqələrinə təsir göstərmir. Fransanın kiçik şəhərinin merini tənqidinə səbəb məhz Azərbaycanla Ukraynanın bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı açıqlamaları olub. Amma Azərbaycan-Ukrayna arasında qarşılıqlı mövqelər beynəlxalq hüquqa əsaslanır. Hətta Ermənistan belə, Azərbaycanın Qarabağ üzərində suverenliyini, ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bir sözlə, Vien şəhərinin merinin açıqlamaları yalnız təbliğat xarakterlidir", - deyə bildirib.