Yermakın evində axtarış rəsmi sənəd təqdim edilmədən başa çatıb - YENİLƏNİB-2
- 28 noyabr, 2025
- 15:11
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın evində aparılan axtarış araşdırılan işlə əlaqədar olan şəxslərdən heç birinə rəsmi şübhələr irəli sürülmədən başa çatıb.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" mənbələrə istinadən məlumat yayıb.
"Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ukrayna Ali Antikorrupsiya Məhkəməsinin müstəntiqinin qərarı əsasında Andrey Yermakın evində axtarışlar keçirib. Heç bir şəxsə şübhə barədə məlumat verilməyib", - mənbələr bildirib.
Qeyd olunur ki, istintaq davam edir.
Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak evində axtarış aparıldığını təsdiqləyib.
"Report" xəbər verir ki, o, bu barədə "Telegram" kanalında bildirib.
"Bu gün Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu evimdə prosessual hərəkətlər icra edir. Müstəntiqlər üçün heç bir maneə yoxdur. Onlara mənzilə tam giriş imkanı verilib. Ərazidə olan vəkillərim hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədədir. Mən istintaqla tam əməkdaşlıq edirəm", - o qeyd edib.
Bu gün səhər saatlarında hökumət məhəlləsində Ukrayna Prezidentinin Ofis rəhbəri Andrey Yermakın otağında axtarışlar aparılır.
"Report" xəbər verir ki, bu barədə "Ukrainskaya pravda" məlumat yayıb.
Ali Rada deputatı Yaroslav Jeleznyak da öz teleqram kanalında axtarışın aparıldığını bildirib. O qeyd edib ki, axtarışı Ukrayna Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun əməkdaşları aparır.