Ukrayna, Moldova və Gürcüstan Parlamentlərarası Assambleya yarada bilər
- 06 mart, 2018
- 12:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 mart. REPORT.AZ/ Ukrayna, Moldova və Gürcüstan parlamentlərinin rəhbərləri üç ölkənin Parlamentlərarası Assambleyasının yaradılması ilə bağlı danışıqlar aparıb.
"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Andrey Parubiy bildirib.
"Qara dəniz istiqamətində əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini, eyni zamanda hamımızın ərazisinin Rusiya işğalçıları tərəfindən işğal edildiyini nəzərə alaraq Ukrayna - Moldova - Gürcüstan üçtərəfli Parlamentlərarası Assambleyanın yaradılması təşəbbüsü ilə çıxış etdim", - A.Parubiy deyib.
Onun sözlərinə görə, Moldova və Gürcüstan parlamentlərinin rəhbərləri belə təşəbbüsü dəstəkləyib. A.Parubiy əlavə edib ki, təşəbbüs üç ölkənin parlament komitələri tərəfindən işlənib hazırlanmalı və parlamentlər tərəfindən qəbul edilməlidir: "Artıq yazda bunun baş verəcəyinə və yayda Kiyevdə parlament rəhbərlərinin, Baltik-Qara dəniz qövsünün parlamentlərinin nümayəndələrinin genişmiqyaslı regional konfransını keçirə biləcəyimizə ümid edirəm".