Gürcüstanın üç vətəndaşı terror təşkilatına qoşulmaqda ittiham olunaraq həbs edilib
- 13 oktyabr, 2025
- 14:37

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi Acariya bölgəsində xüsusi əməliyyat keçirərək üç vətəndaşı saxlayıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, onlar xarici terror təşkilatına qoşulmaq və terror fəaliyyətinə yardım etməkdə ittiham olunurlar.
Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə birinci müavin Laşa Maqradze bildirib ki, əməliyyat çərçivəsində "Təkbirçi" adlandırılan radikal-ekstremist qruplaşmanın üzvləri müəyyən edilib. Qrupun "İslam Dövləti" terror təşkilatının üzvləri ilə əlaqələri olub və onların Gürcüstana qanunsuz gətirilməsi, təlimlərin təşkil edilməsi və maddi-texniki xidmətlərin göstərilməsi planlaşdırılıb.
Əməliyyat zamanı terrorçuluq rəmzləri, partlayıcı maddələr, odlu silah və döyüş sursatı, hərbi texnika, elektron qurğular, mobil telefonlar və külli miqdarda nağd pul aşkarlanıb və götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə istintaq aparılır. Cinayət xarici terror təşkilatına qoşulmaq və terror fəaliyyətinə yardım etmək kimi ittihamlarla 17 ilə qədər həbs cəzasını nəzərdə tutur.