Balıkesirdəki 6,1 maqnitudalı zəlzələ nəticəsində 22 nəfər xəsarət alıb - YENİLƏNİB-3
- 28 oktyabr, 2025
- 03:24
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində xəsarət alanların sayı bəlli olub.
"Report" "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bu barədə vilayət rəhbəri İsmail Ustaoğlu jurnalistlərə açıqlamasında danışıb.
O qeyd edib ki, zəlzələdən ümumilikdə 22 nəfər zərər çəkib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Onlardan 18 nəfəri evə buraxılıb, 4 nəfərinin müalicəsi isə xəstəxana şəraitində davam edir.
Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində üç bina və bir mağaza uçub.
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində üç bina və bir mağaza uçub.
"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya yerli mətbuata açıqlamasında danışıb.
O qeyd edib ki, vilayətin Sındırqı rayonunda üç bina və bir mağaza çöküb. Nazirin sözlərinə görə, həmin binalar istifadəsiz olub. Dağıntılar nəticəsində hər hansı canlı təlafatı qeydə alınmayıb.
Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində bir neçə binada dağıntı qeydə alınıb.
Türkiyənin Balıkesir vilayətində baş verən 6,1 maqnitudalı zəlzələ nəticəsində dağıntılar qeydə alınıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, vilayətin Sındırqı rayonunda bir neçə bina uçub.
Ölkənin səhiyyə naziri Kemal Memişoğlu indiyə kimi tibb xidmətinə müraciətin qeydə alınmadığını açıqlayıb.
Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, zəlzələ Türkiyə saatı ilə 22:48-də (Bakı vaxtı ilə 23:48) Balıkesirin Sındırqı rayonunda qeydə alınıb.
Yeraltı təkanların ocağı 5,99 kilometr dərinlikdə yerləşib. Zəlzələ İstanbul da daxil olmaqla, bir neçə şəhərdə hiss olunub.
Dağıntı barədə məlumat yoxdur.