Qazaxıstanda Yerlan Karinin vitse-prezident postuna namizədliyi təsdiqlənib - YENİLƏNİB
- 31 avqust, 2026
- 10:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Qurultayının deputatları Yerlan Karinin Qazaxıstanın vitse-prezidenti postuna namizədliyini dəstəkləyiblər.
"Report" xəbər verir ki, bu barədə "24 KZ" məlumat yayıb.
Onun namizədliyinin lehinə 145 deputatdan 141-i səs verib, dörd nəfər bitərəf qalıb.
Bundan başqa, Oljas Bektenov Qazaxıstanın Baş naziri vəzifəsinə təsdiq edilib.
Onun namizədliyinin lehinə Qurultayın 137 deputatı səs verib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev formalaşdırılmış Qurultayın ilk iclasında vitse-prezident postuna Yerlan Karinin namizədliyini irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Ölkə Konstitusiyasına əsasən, prezidentin könüllü olaraq istefaya getməsi, səhhətinə görə öz vəzifələrini davamlı şəkildə yerinə yetirə bilməməsi, vəzifəsindən kənarlaşdırılması və ya ölümü ilə əlaqədar vəzifədən vaxtından əvvəl azad edildiyi təqdirdə vitse-prezident dövlət başçısının səlahiyyətlərini öz üzərinə götürə bilər.
Vitse-prezident bu səlahiyyətləri yerinə yetirə bilməyəcəyi təqdirdə, səlahiyyətləri Qurultay sədrinə, daha sonra isə ardıcıllıqla Baş nazirə keçəcək.
Bundan əlavə, Tokayev Qazaxıstanın Baş naziri postuna Oljas Bektenovun namizədliyini irəli sürüb. Əslində, Bektenov öz vəzifəsini qoruyub saxlayır. O, 2024-cü il fevralın 6-da bu vəzifəyə təyin edilib.