Tokayev: Qazaxıstan TRIPP layihəsində iştirakda maraqlıdır
- 21 noyabr, 2025
- 14:02
Qazaxıstan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsində iştirak etməkdə maraqlıdır.
"Report"un məlumatına görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqların yekunlarına dair media üçün brifinqdə deyib.
"Biz TRIPP layihəsində iştirakda maraqlı olduğumuzu vurğulayırıq. "Şimal-Cənub" və Orta Dəhliz kimi təşəbbüslər hər iki ölkənin maraqlarına cavab verir", – o bildirib.
Tokayev nəqliyyat-tranzit imkanlarının əhəmiyyətini də vurğulayıb:
"Cənubi Qafqazdakı yeni geosiyasi vəziyyət regional əməkdaşlığı gücləndirmək üçün imkan yaradır".
Qazaxıstan Prezidenti həmçinin Paşinyanla investisiya və iqtisadi əməkdaşlıq məsələlərinin geniş spektrini müzakirə etdiklərini də bildirib:
"Biz qarşılıqlı ticari-iqtisadi və investisiya əməkdaşlığı məsələlərinə xüsusi əhəmiyyət verdik. Əmtəə dövriyyəsini və məhsul nomenklaturasını genişləndirmək üçün addımlar atmaq barədə razılığa gəldik".
Onun sözlərinə görə, tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsinə və biznes icmaları arasında əlaqələrin inkişafına yönəliblər.