Tbilisidə Azərbaycan mədəniyyəti axşamı keçirilib
- 17 iyun, 2022
- 15:43
Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan mədəniyyəti axşamı keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, tədbiri Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Gürcüstanın Qadınlar Birliyi birgə təşkil edib.
Mərkəzdə təşkil olunan mərasimdə Azərbaycanın görkəmli ədibi M.F.Axundzadənin həyat və yaradıcılığı haqqında məlumat təqdim edilib, müxtəlif guşələrdə dramaturqun əsərlərinin qəhrəmanlarının gəlincikləri, xalçalar, musiqi alətləri, milli mətbəx təamları və şirniyyatlar, mis və gil qablar, Bakı guşəsi sərgilənib, xalçaya ilmə vurma qaydaları və çay süfrəsi də nümayiş etdirilib.
Gürcüstanın Qadınlar Birliyinin sədri Ketevan Qabruaşvili çıxışında bildirib ki, rəhbərlik etdiyi təşkilat ölkədə yaşayan müxtəlif etnik qrupların mədəniyyətlərinin tanıdılması ilə bağlı layihəyə başlayıb. O, layihə çərçivəsində ilk tədbirin Azərbaycan mədəniyyətinə həsr olunduğunu qeyd edib. K.Qabruaşvilinin sözlərinə görə, layihənin əsas məqsədi Gürcüstanın mədəni müxtəlifliyinin təbliği ilə yanaşı, milli azlıqların etnik-mədəni həyatı, folkloru, məişət tərzi, adət-ənənələri ilə yaxından tanışlıqdan ibarətdir.
Ukrayna vətəndaşı Viktoriya Çernış çıxışında Azərbaycan mədəniyyətinə həsr olunan tədbirdə iştirakından məmnunluğunu ifadə edib. O, Gürcüstanda ilk dəfə olduğunu qeyd edərək bildirib ki, ölkədə müxtəlif milli azlıq nümayəndələrinin dinc birgəyaşayışı təmin edilib. V.Çernış azərbaycanlı icmanın mədəniyyəti ilə yaxından tanışlıqdan böyük zövq aldığını deyib.
Daha sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva qonaqlara “Gürcüstanın azərbaycanlı qadınları” mövzusunda təqdimatla tanış edib. Təqdimatda müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyeva, Gürcüstan əsilli müxtəlif sahələrdə ilk olmuş Azərbaycan qadınları, Gürcüstanın yeganə xanım aşığı Nargilə Mehtiyeva haqqında məlumatlar yer alıb.
Tədbirin musiqili hissəsində aşıq Nargilə Mehtiyeva “Meydan” qrupu ilə birgə çıxış edib, “Ceyran” ansamblının üzvləri “Şuşanın dağları” rəqsini ifa ediblər.
K.Qabruaşvili tədbirin təşkilinə dəstək göstərən Azərbaycan Mədəniyyəti Mərkəzi və təşkilatın üzvü N.Mehtiyevaya təşəkkürünü bildirib. O, mərkəzin direktor müavini L.Əliyevanı Gürcüstanın Qadınlar Birliyinin təşəkkürnaməsi ilə təltif edib.
Sonda qonaqlar Azərbaycan mətbəxinin nümunələrinə qonaq ediliblər.
Axşamda Gürcüstanın Qadınlar Birliyinin üzvləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, azərbaycanlı icmanı təmsil edən fəal xanımlar, yeniyetmələr və gənclər iştirak ediblər.