Tbilisi Şəhər Şurası Azərbaycan Mədəniyyəti Muzeyinin direktorunu fərqləndirib

Region
  • 12 mart, 2021
  • 14:15
Tbilisi Şəhər Şurası Azərbaycan Mədəniyyəti Muzeyinin direktorunu fərqləndirib

Tbilisi sakrebulosu (şəhər şurası) sədrinin müavini Marika Darçiya Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə baş çəkib.

“Report”un yerli bürosu xəbər verir ki, o, sakrebulo tərəfindən muzeyin direktoru Leyla Əliyevanın Gürcüstanda fəaliyyətinə görə fərqləndirildiyini bildirib.

M.Darçiya L.Əliyevaya gül dəstəsi və sakrebulonun adından hədiyyələr təqdim edib.

Sakrebulo sədrinin müavini bildirib ki, mart ayında təmsil etdiyi qurum Tbilisidə müxtəlif sahələrdə uzun illər çalışan 10-a yaxın qadının səmərəli fəaliyyətinə görə fərqləndirilməsinə qərar verib: “Biz, Leyla xanımın və onun rəhbərlik etdiyi muzeyin fəaliyyətini çox yüksək qiymətləndiririk. Muzey Gürcüstan və Azərbaycan arasında əsrlər boyu davam edən dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi rol oynayır. Gürcüstan üçün böyük xidmətlər göstərən şəxsləri ictimaiyyətə tanıtmaq və fərqləndirmək lazımdır”.

L.Əliyeva göstərilən diqqətə və verilən qiymətə görə sakrebulo rəhbərliyinə minnətdarlığını bildirib. O, rəhbərlik etdiyi muzeyin Gürcüstan mədəniyyətinin bir hissəsi olduğunu qeyd edərək bundan sonra da Gürcüstan-Azərbaycan mədəni əlaqələrinin inkişafına töhfələr verməyə hazır olduğunu deyib.

Daha sonra M.Darçiya və sakrebulo üzvləri muzeyin ekpozisiyası ilə tanış olub. L.Əliyeva muzeyin tarixindən və sərgilənən eksponatlar barədə ətraflı məlumat verib.

Sakrebulo rəsmiləri çox xoş və səmimi qəbula görə təşəkkür edərək muzeyin fəaliyyətinə uğurlar arzulayıblar.

44 filmi