Simonyan: "Tramp marşrutu" nəqliyyat və enerji kommunikasiyaları üçün imkanlar yaradacaq
- 29 oktyabr, 2025
- 15:50
TRIPP layihəsinin (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək 42 kilometrlik hissəsinin - red.) həyata keçirilməsi Ermənistan, Azərbaycan və qonşu dövlətləri birləşdirən boru kəmərləri, elektrikötürücü xətlər və rabitə kabellərinin inşası üçün şərait yaradır.
"Report"un "Armenpress" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan Avronestin Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar iclasında bildirib.
"Layihə təkcə dəmir yolu əlaqələrinin inkişafını deyil, həm də Ermənistan, Azərbaycan və regionun digər ölkələri arasında avtomobil yolları, boru kəmərləri, elektrikötürücü xətlər və rabitə kabellərinin inşası perspektivini nəzərdə tutur", - A.Simonyan qeyd edib.
O həmçinin vurğulayıb ki, Ermənistan Avropa İttifaqının Qara dəniz regionu ilə bağlı yeni strateji yanaşmasını alqışlayır. Onun sözlərinə görə, bu regional sabitliyə və qarşılıqlı faydalı əməkdaşlığa əlavə təkan verə bilər.