SEPAH: Trampın bugünkü problemi Hörmüz boğazının açılmasıdır
- 05 may, 2026
- 04:45
Ağ Evin İranla mübarizəni gücləndirməsi ABŞ-yə daha çox ziyan vuracaq.
"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən ISNA məlumat yayıb.
"Amerikanın İranla qarşıdurmanı gücləndirməsindən yaranan zərər ABŞ üçün daha böyük olacaq", - SEPAH-dan bildirilib.
Qeyd olunub ki, ABŞ öz gücünü sınayır və bütün imkanlarından istifadə edir, lakin nəticədə məğlub olacaq:
"ABŞ Prezidenti Donald Trampın bugünkü problemi Hörmüz boğazının açılmasıdır. 40 günlük müharibə zamanı və ondan sonra o, bütün yollarla boğazı açmağa cəhd etsə də, bu, nəticəsiz qalıb. Tramp heç bir halda vəziyyəti əvvəlki halına qaytara və şərtləri dəyişdirə bilməyəcək".
Tramp isə daha əvvəl özünün "Truth Social" hesabında "Project Freedom" təşəbbüsünü anons edib. Belə ki, bu çərçivədə ABŞ Silahlı Qüvvələri gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidi üçün onların müşayiət edilməsinə cəlb olunacaq.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
Aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər, daha sonra isə Amerika lideri Donald Tramp onu qeyri-müəyyən müddətə uzadıb. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar baş tutub. Uzun sürən müzakirələrdən sonra tərəflər razılığa gələ bilməyiblər.
Tehrana təzyiq vasitəsi kimi ABŞ İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. Öz növbəsində İran, Hörmüzün Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlı olduğunu bildirib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.