Saxalində elektrik enerjisinin verilişində fasilə yaranıb
- 28 oktyabr, 2025
- 06:07
Rusiyanın Saxalin vilayətinin bir neçə şəhərində qəza səbəbindən elektrik enerjisinin verilişində fasilə yaranıb.
"Report"un məlumatına görə, bu barədə vilayət qubernatoru Valeri Limarenko özünün "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, enerji istehsalı obyektləri normal işləyir, elektrik şəbəkəsi təsərrüfatının obyektlərində baxış və yoxlama işləri aparılır.
Region rəhbərinin bildirdiyinə görə, hadisəyə səbəb Yujno-Saxalinskdəki iki əsas yarımstansiyanı - "Mərkəzi" və "Yujno-Saxalinsk"i birləşdirən elektrik ötürücü xəttində ildırım qoruyucu kabelin qırılması olub.
Hadisə şahidləri isə sosial şəbəkələrdə elektrik kəsilməsindən əvvəl baş vermiş parlaq işıq saçmasının görüntülərini paylaşırlar.
Qubernator bildirib ki, hazırda Saxalində elektrik təchizatı qismən bərpa olunub.