Sızranda yaşayış binasının çökməsi zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Region
  • 22 aprel, 2026
  • 11:00
Sızranda yaşayış binasının çökməsi zamanı 2 nəfər ölüb - YENİLƏNİB

Xilasedicilər Rusiyanın Samara vilayətinin Sızran şəhərində yaşayış binasının girişinin qismən çökməsi nəticəsində həlak olan iki nəfərin meyitini aşkar ediblər.

"Report"un məlumatına görə, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.

Qurumun məlumatına görə, hadisədən sonra 8 nəfər müvəqqəti yerləşdirmə məntəqələrində yerləşdirilib.

Öz növbəsində vilayət qubernatoru Vyaçeslav Fedorişev bildirib ki, Sızranda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində iki çoxmənzilli ev zədələnib.

Onun sözlərinə görə, 12 nəfər xəsarət alıb.

Rusiyanın Samara vilayətinin Sızran şəhərində yaşayış binasının blokunun qismən çökməsi nəticəsində ikisi uşaq olmaqla, 11 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-in mətbuat xidmətindən bildirilib.

"İlkin məlumata görə, Sızranda yaşayış binasının blokunun çökməsi nəticəsində 11 nəfər, o cümlədən 2 uşaq xəsarət alıb. Onlara zəruri tibbi yardım göstərilir", - agentliyin həmsöhbəti qeyd edib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, yoxlamalar aparılır.

Rusiyanın Samara vilayətinin Sızran şəhərində çoxmənzilli yaşayış binasının blokunun qismən çökməsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

"Samara vilayətinin Sızran şəhərində yaşayış binasının blokunun qismən dağıldığı yerdə axtarış-xilasetmə işləri aparılır. Dağıntılar altından biri uşaq olmaqla, dörd nəfər çıxarılıb", - qurumun məlumatında bildirilib.

Dağıntılar altında daha iki nəfərin, o cümlədən bir uşağın olduğu ehtimal edilir.

Vilayətin qubernatoru Vyaçeslav Fedorişev çökmənin PUA hücumu səbəbindən baş verdiyini bildirib.

Hadisə yerində yanğınsöndürmə və xilasetmə bölmələri çalışır.