Sadır Japarov Bişkekdə VI Dünya Köçəri Oyunlarını açıq elan edib
- 31 avqust, 2026
- 20:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Qırğızıstan Prezidenti Sadır Japarov VI Dünya Köçəri Oyunlarını açıq elan edib.
"Report"un Bişkekə ezam olunan əməkdaşı xəbər verir ki, mərasim yeni "Bişkek Arena" stadionunda keçirilib.
Japarov çıxışında qeyd edib ki, Oyunların açılışı Qırğızıstanın müstəqilliyinin 35-ci ildönümü və Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25-ci ildönümünə həsr olunmuş sammitlə eyni vaxta düşüb.
"Köçəri Oyunlarının burada, "Bişkek-Arena"da başlaması ilə idman rəqabəti ilə yanaşı, xalqlar arasında dostluq da möhkəmlənəcək. Sevindirici haldır ki, bu ideya ŞƏT-in fəlsəfəsi ilə uyğunlaşır. Qırğızıstanda dövlət başçılarının görüşünün və Ümumdünya Köçəri Oyunlarının eyni vaxtda keçirilməsinin də dərin simvolik mənası var. Bir tədbirlərdə dövlət liderləri dialoq vasitəsilə sülh və əməkdaşlığa aparan yollar axtarır, digərində isə dünya xalqları idman və mədəniyyət vasitəsilə yaxınlaşır. Ən əsası odur ki, bu miqyaslı hadisələrin əsasında bəşəriyyətin ali dəyərləri - sülh və dostluq dayanır", - o bildirib.
Qırğızıstanın inkişafından danışan Japarov "Çin - Qırğızıstan - Özbəkistan" dəmir yolunun, gücü 1 860 MVt olan Kambar-Ata SES-1-in, həmçinin ilboyu fəaliyyət göstərən "Ala-Too Resort" xizək kurortunun tikintisini qeyd edib. O, həmçinin İssık-Kul gölünün sahilində "Tamçı" maliyyə investisiya ərazisinin istifadəyə verilməsini və Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini vurğulayıb.
Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində VI Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirlərdə iştirak edirlər.
VI Dünya Köçəri Oyunları çərçivəsində onlarla ölkənin nümayəndələrinin iştirakı ilə idman yarışları, mədəni tədbirlər və elmi proqram keçiriləcək.