S&P: Azərbaycan və Ermənistan konstruktiv sülh prosesini davam etdirir
- 06 dekabr, 2025
- 08:07
Ermənistanla Azərbaycan arasında sülh prosesi son onilliklərin ən konstruktiv mərhələsinə qədəm qoyub.
"Report" bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.
"Ermənistan və Azərbaycan arasında sülh prosesi son onilliklərin ən konstruktiv mərhələsinə qədəm qoyub. Bununla belə, yüksək səviyyəli siyasi bəyannamədən hərtərəfli, hüquqi cəhətdən əsaslandırılmış nizamlanmaya keçid yarımçıq qalır", - deyə bəyanatda qeyd olunub.
S&P-nin qiymətləndirməsinə görə, 2025-ci ilin avqustunda ABŞ-nin vasitəçiliyi ilə əldə olunan bəyannamə, qarşılıqlı tanınma, sərhədlərin sürətlə delimitasiyası və regional nəqliyyat marşrutlarının açılması öhdəliyini təsbit etməklə əhəmiyyətli irəliləyiş yaradıb.
Agentlik qeyd edib ki, tamhüquqlu sülh müqaviləsinin bağlanması yolunda ən həssas siyasi maneə Ermənistan konstitusiyasından Qarabağa dair iddiaları ehtiva edə biləcək müddəaların çıxarılması ilə bağlı Azərbaycanın gözləntisidir.
"Genişmiqyaslı münaqişənin yenidən başlaması riski xeyli azalıb. Bununla belə, rəsmi sülh sazişinin olmaması o deməkdir ki, bu proses daha çox dayanıqlı siyasi iradədən və texniki danışıqlarda irəliləyişdən asılıdır", - agentlik qeyd edib.
Hesabatda vurğulanıb ki, hər iki ölkənin hökumətləri 2026-cı ildə müdafiə xərclərini azaltmağı planlaşdırır ki, bu da hərbi gərginliyin azaldığını və sülh prosesinin siyasi inkişafına inamın daha bir sübutudur.