Rusiya və Gürcüstan arasında danışıqlar nəticəsiz başa çatıb

Region
  • 13 noyabr, 2025
  • 12:19
Rusiya və Gürcüstan arasında danışıqlar nəticəsiz başa çatıb

Rusiya və Gürcüstan noyabrın 11-12-də keçirilən Cenevrə Beynəlxalq Danışıqlarının 65-ci raundunda irəliləyiş əldə edə bilməyiblər.

Bu barədə "Report" Gürcüstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsaliya rəhbərlik edib. Tbilisi əsas diqqəti Rusiyanın Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixində imzalanmış atəşkəs sazişi üzrə öhdəliklərinə və digər məsələlərə yönəldib.

Müzakirələr zamanı Gürcüstan nümayəndə heyəti çətin humanitar vəziyyət və insan hüquqlarının pozulması ilə bağlı ciddi narahatlığını ifadə edib və seperatçı rejimlərin son hərəkətlərini, o cümlədən Suxumidə qeyri-qanuni hava limanının açılmasını və Rusiya regionları ilə müntəzəm hava, dəmiryol və dəniz əlaqələrinin başlanmasını pisləyib.

Qeyd edilib ki, Rusiya və onun nəzarətində olan separatçı administrasiyaların nümayəndələri qaçqınların və məcburi köçkünlərin qayıdışı məsələsinin müzakirəsi zamanı yenidən iclası tərk ediblər ki, bu da faktiki olaraq danışıqların irəliləyişinə mane olub.

Beləliklə, Cenevrə Beynəlxalq Danışıqlarının 65-ci raundu əvvəlkilər kimi nəticəsiz başa çatıb.

Cenevrə danışıqları 12 avqust 2008-ci il tarixli atəşkəs sazişinə əsasən keçirilir və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün yeganə beynəlxalq platforma olaraq qalır.

Son xəbərlər

Bütün Xəbər Lenti