Rusiyanın yeni nəqliyyat naziri təyin edilib - YENİLƏNİB-2
- 08 iyul, 2025
- 19:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Dövlət Dumasının Andrey Nikitinin ölkənin nəqliyyat naziri vəzifəsinə namizədliyini təsdiqləməsindən sonra Rusiya Prezidenti Vladimir Putin Nikitinin ölkənin nəqliyyat naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə “Report” Rusiya KİV-ə istinadən xəbər verir.
“Andrey Sergeyeviç Nikitin Rusiya Federasiyasının nəqliyyat naziri təyin edilsin”, - sənəddə deyilib.
Qeyd edək ki, Nikitin fevral ayından Rusiya nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı. Bundan əvvəl o, 2017-ci ildən Novqorod vilayətinə rəhbərlik edib və öz istəyi ilə bu vəzifədən azad edilib. O, daha əvvəl Strateji Təşəbbüslər Agentliyinə rəhbərlik edib.
Nikitin nazir vəzifəsində Roman Starovoytu əvəz edib. Putinin vəzifədən azadetmə sərəncamında səbəb göstərilməyib. İyulun 7-də Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko Starovoytun Odintsovoda ölü tapıldığını bildirib. İstintaqın əsas versiyası intihardır.
07.07.2025 13:09
Rusiya Prezidenti Vladimir Putin Andrey Nikitini nəqliyyat nazirinin səlahiyyətlərini icra edən şəxs təyin edib.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Bundan əvvəl o, bu gün istefaya göndərilən nəqliyyat naziri Roman Starovoytun müavini vəzifəsində çalışıb.
10:43
Rusiya Prezidenti Vladimir Putin ölkənin nəqliyyat naziri Roman Starovoytun vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
"Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilsin", - müvafiq fərmanda bildirilb.
Qeyd edək ki, R.Starovoyt 2024-cü ilin may ayından bu vəzifəni tuturdu.