Rubio TRIPP layihəsini Cənubi Qafqazda sülh və firavanlığa doğru mühüm addım hesab edir
- 26 may, 2026
- 17:29
Yeniliklərdən dərhal xəbərdar olun!
"Tramp Marşrutu" (TRIPP) layihəsi Cənubi Qafqaz regionunda sülh və firavanlığın təmin edilməsinə yönəlib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio İrəvanda Ermənistan XİN başçısı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
"Bu gün Ermənistanın xarici işlər naziri ilə birlikdə TRIPP layihəsinə dair ikitərəfli sazişi parafladıq. Bu saziş Ermənistanda və regionda sülh və firavanlığa doğru atılan bir addımdır", - Rubio deyib.
Dövlət katibinin sözlərinə görə, İrəvan və Vaşinqton arasında əməkdaşlıq yalnız TRIPP layihəsi ilə məhdudlaşmır.
"Biz müxtəlif istiqamətlərdə qarşılıqlı əlaqələrimizi inkişaf etdirməyə davam edirik və münasibətlərimizin yalnız TRIPP çərçivəsində deyil, bütün digər sahələrdə də inkişaf etdirilməsi administrasiyamız üçün prioritet vəzifədir. Biz, həmçinin ikitərəfli münasibətlərimizin çərçivəsini müəyyən edən Hərtərəfli Strateji Tərəfdaşlıq nizamnaməsini imzaladıq", - o əlavə edib.