Rizedə Beynəlxalq Kaçkar Turizm Sərgisi keçiriləcək
- 06 aprel, 2026
- 12:24
Türkiyənin Rize şəhərində Beynəlxalq Kaçkar Turizm Sərgisi keçiriləcək.
"Report"un məlumatına görə, sərgi 17-18 aprel tarixlərində baş tutacaq.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Turizmin Təşviqi və İnkişafı Agentliyinin (TGA) dəstəyi ilə təşkil olunan Beynəlxalq Kaçkar Turizm Sərgisi Kaçkar dağlarının və Qara dəniz bölgəsinin özünəməxsus təbiət gözəlliyini və zəngin mədəni irsini dünya miqyasında cazibə mərkəzinə çevirməyi hədəfləyir.
Bölgənin ən nüfuzlu turizm tədbiri olan sərgi ənənəvi bir sərgi formatından kənara çıxaraq iştirakçıların yeni turizm tendensiyalarını araşdıracağı və əməkdaşlıqlar quracağı panel müzakirələri, konfranslar və seminarları da əhatə edəcək.
Bu il Rize Çay Bazarında keçiriləcək tədbir 1000-dən çox sənaye nümayəndəsini və 3000-i aşan ziyarətçini bir araya gətirəcək.
Apreldəki sərginin ardınca isə KAÇKAR BY UTMB-nin 2026-cı il mərhələsi də sentyabrın 11-13-ü tarixlərində Rizedə baş tutacaq.
Məlumat üçün bildirək ki, Kaçkar dağları təbiət və macəra həvəskarları üçün misilsiz marşrutları, köklü tarixi və zəngin qastronomik mədəniyyəti ilə fərqlənir.
Bölgə, eyni zamanda Türkiyənin ən təbii qorunan ərazilərindən biri olmaqla, 50-dən çox alp gölünü, dərin dərələri, yaşılın hər çalarını əks etdirən sıx meşələri və müxtəlif ekosistemlər tərəfindən formalaşan coşqun çayları ilə möhtəşəm bir təbiət xəzinəsinə ev sahibliyi edir.