Qazaxıstanla Rusiya strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayacaq
- 11 noyabr, 2025
- 11:02
Qazaxıstan və Rusiya iki ölkə arasındakı münasibətləri hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçirmək barədə Bəyannamə imzalayacaqlar.
"Report"un məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 11-12-də Rusiyaya səfəri ərəfəsində "Rossiyskaya Qazeta" üçün yazdığı məqalədə qeyd edib.
"Moskvaya səfərimin geniş gündəliyindəki əsas məqam Qazaxıstan və Rusiya münasibətlərini hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə keçirmək barədə Bəyannamənin imzalanması olacaq. Bu sənəd, şübhəsiz ki, ikitərəfli əlaqələrdə yeni bir dövr açacaq", - K.Tokayev vurğulayıb.
O əlavə edib ki, Qazaxıstan və Rusiya nümunəvi dövlətlərarası münasibətlər qurublar: "Otuz ildən çoxdur ki, biz iki xalqın rifahı üçün çoxşaxəli əməkdaşlığımızı ardıcıl inkişaf etdiririk".
K.Tokayev Qazaxıstanda Rusiya kapitalı ilə 20 mindən çox şirkətin uğurla fəaliyyət göstərdiyini bildirib.