Qazaxıstanda yanğının səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb - YENİLƏNİB
- 18 noyabr, 2025
- 09:36
Qazaxıstanın Türküstan vilayətində baş verən və 12 nəfərin ölümü ilə nəticələnən yanğınla əlaqədar hökumət komissiyası yaradılıb.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.
"Baş nazirin müavini Kanat Bozumbayevin sədrliyi altında Komissiyanın tərkibinə fövqəladə hallar, daxili işlər, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirlikləri, Türküstan vilayəti akimatı daxil edilib. Akimata yanğın nəticəsində həlak olanların dəfninin təşkilində yardım göstərmək tapşırılıb", - məlumatda qeyd edilib.
Qazaxıstanın Türküstan vilayətində ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğında 9-u uşaq olmaqla, 12 nəfər həlak olub.
"Report"un məlumatına görə, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
"Jetisay rayonunun Alğabas kəndində iki mərtəbəli fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub. Yanğının kəşfiyyatı və söndürülməsi zamanı evdən huşsuz vəziyyətdə üç nəfər çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. İçəridə 9-u uşaq olmaqla, 12 nəfərin meyiti aşkar olunub", – FHN-dən bildirilib.
Hadisə yerində araşdırma aparılır, yanğının səbəbləri müəyyənləşdirilir.
"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də yanğın zamanı insanların həlak olması ilə bağlı başsağlığı verib", – deyə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hökumətə və Türküstan vilayəti administrasiyasının rəhbərinə yaxın qohumlara bütün zəruri yardımın göstərilməsi və faciənin səbəblərinin araşdırılması tapşırılıb.