Qaribaşvili bir milyon larilik girovu evinin hesabına təmin edib
- 14 noyabr, 2025
- 11:46
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili barəsində tətbiq edilən bir milyon lari məbləğində girov qətimkan tədbirini şəxsi əmlakı ilə təmin edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məlumatı onun vəkili Lili Gelaşvili təsdiqləyib.
Vəkilin sözlərinə görə, girov Qaribaşvilinin hazırda ailəsi ilə yaşadığı Tbilisinin Moşeşvili küçəsi 10 ünvanındakı evinin ipoteka kimi təqdim edilməsi ilə təmin olunub. Əmlakın dəyəri bir milyon laridən çox qiymətləndirilib və qanunvericiliyə əsasən, girov kimi qəbul olunub.
L.Gelaşvili bildirib ki, Qaribaşvili istintaqa mane olmur, ölkəni tərk etmək niyyətində deyil və suallara cavab verməyə hazırdır. Bununla belə, ittiham elan edildiyi vaxt verdiyi ifadədən başqa, ona əlavə sual ünvanlanmadığı qeyd olunub.
Xatırladaq ki, oktyabrın 24-də Tbilisi Şəhər Məhkəməsi sabiq baş nazir barəsində 1 milyon lari girov təyin edib, həmçinin pasportunun götürülməsi və ölkədən çıxışına qadağa qoyulması barədə qərar verib.
İ.Qaribaşvili Cinayət Məcəlləsinin 194.3 (c)-cü maddəsi - külli miqdarda gəlir əldə etməklə müşayiət olunan qanunsuz gəlirlərin leqallaşdırılması - üzrə ittiham edilir. Bu maddə 9 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.