Abdulkadir Uraloğlu "Virat" tankerinə təkrar hücumu təsdiqləyib - YENİLƏNİB
- 29 noyabr, 2025
- 18:47
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qara dənizdə VİRAT tankerinə şənbə günü edilən hücumun detalları barədə məlumat danışıb.
"Report" bu barədə "Habertürk"ə istinadən xəbər verir.
"Novorossiysk limanına istiqamətlənən iki neft tankerindən biri, əvvəlki gün Türkiyənin Qara dəniz sahili yaxınlığında partlayışdan sonra alovlanan gəmi, şənbə səhəri yenidən dron hücumuna məruz qalıb", – deyə nazir bildirib.
Uraloğlunun sözlərinə görə, gəmi sağ bort hissəsində kiçik zədələr alıb, sabit vəziyyətdədir, heyət üzvləri xəsarət almayıb.
O əlavə edib ki, gəmiyə alov düşməyib. "Kapitan telefonla bizə müraciət edərək pilotsuz aparat hücumu baş verdiyini bildirdi. Sahil mühafizəsinin katerləri ora göndərildi", – məlumatda qeyd olunur.
Ötən gün hücuma məruz qalan "Kairos" tankerində isə daxili bölmələrdə yanğınsöndürmə işləri davam edir. Xarici hissədə alov söndürülüb. Uraloğlu bildirib ki, yanğın tam söndürüldükdən sonra hər iki gəmi, yəqin ki, ən yaxın limana yedəklənəcək.
Qara dənizdə "VİRAT" tankeri yenidən pilotsuz katerlərin hücumuna məruz qalıb.
"Report" bu barədə "A Haber"ə istinadən xəbər verir.
Belə ki, hücumun səhər saatlarında olduğu qeyd edilib. Məlumata görə, tankerin su xətti zədələnib. Heyət arasında yaralanan və ya xəsarət alan yoxdur.
Qeyd edək ki, Qara dənizdə ötən gecə "VİRAT" və "Kairos" tankerində partlayışlar olub.