Pezeşkian İranın milli valyutasının denominasiyası haqqında fərman imzalayıb
- 22 noyabr, 2025
- 16:54
İran Prezidenti Məsud Pezeşkian milli valyuta - rialın denominasiyası haqqında fərman imzalayıb.
"Report" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının məlumatında bildirilib.
"İran İslam Respublikasının Konstitusiyasının 123-cü maddəsinin həyata keçirilməsi məqsədilə Məsud Pezeşkian Mərkəzi Bank haqqında Qanunun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın denominasiyasını nəzərdə tutan - red.) düzəlişlərin qüvvəyə minməsi barədə Mərkəzi Banka bildiriş göndərib", - bəyanatda deyilir.
Məlumata görə, bir rial yüz kerandan ibarət olacaq ki, bu da İranda milli valyutanın tarixi adını daşıyan daha kiçik vahiddir. Parlament tərəfindən təsdiqlənmiş valyutaya keçid dövrü üç il çəkəcək və bu müddət ərzində həm köhnə, həm də yeni tip pul nişanlarının istifadəsinə icazə veriləcək.
Daha əvvəl İran Konstitusiyasının Keşikçiləri Şurası milli valyuta əsginaslarından dörd sıfırın silinməsi haqqında qərarın İran Konstitusiyasına zidd olmadığını bəyan edib.