Tramp Putinlə danışıqları çox məhsuldar adlandırıb – YENİLƏNİB-3

Region
  • 29 dekabr, 2025
  • 22:49
Tramp Putinlə danışıqları çox məhsuldar adlandırıb – YENİLƏNİB-3

ABŞ Prezidenti Donald Tramp bu gün Rusiya lideri Vladimir Putinlə apardığı söhbəti olduqca məhsuldar adlandırıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o bunu İsrailin Baş naziri Benyamin Netanyahuyla danışıqları müzakirə edərkən bildirib.

"Bu gün səhər çox yaxşı bir söhbətim oldu. Mən söhbəti səhərə saxladım, çünki biz danışıqları bitirəndə Rusiyada artıq gecə saat 2:30 idi. Bizim vaxtla səhər saat 8-də danışdıq və bu çox məhsuldar söhbət oldu", – Tramp deyib.

ABŞ Prezidenti qeyd edib ki, Rusiya və Ukrayna arasında sülhün əldə olunması üçün hələ bir neçə çətin məsələnin həlli qalır.

Tramp həmçinin bəyan edib ki, Vaşinqton Ukraynanın Rusiya liderinin Novqorod vilayətindəki iqamətgahına ehtimal olunan zərbəsi ilə bağlı vəziyyəti aydınlaşdırır.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında yeni telefon danışığının təfərrüatlarını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya KİV yazır.

"Donald Tramp və bu danışıqda iştirak edən onun əsas müşavirləri dünən Mar-a-Laqoda Ukrayna nümayəndə heyəti ilə aparılan danışıqların əsas nəticələri barədə ətraflı məlumat verdilər", - Kreml nümayəndəsi bildirib.

Uşakov vurğulayıb ki, bu danışıqlar zamanı ABŞ tərəfi müvəqqəti atəşkəs olmadan, Ukrayna tərəfinin israr etdiyi kimi deyil, müharibənin tam başa çatdırılmasına yönəlmiş mövqeyini ifadə edib.

Prezidentin köməkçisinin sözlərinə görə, Putin həmçinin Trampa Ukrayna Silahlı Qüvvələrinin Novqorod vilayətindəki dövlət iqamətgahına pilotsuz aparatlarla hücumu barədə məlumat verib. Tramp qeyd edib ki, ABŞ administrasiyası Ukraynaya bu cür hücumlar üçün silah verməyib. Ukrayna lideri Volodimir Zelenski isə öz bəyanatında bu ittihamları rədd edib.

"Vladimir Putin vurğulayıb ki, Rusiya tərəfi sülhə nail olmaq üçün yollar tapmaq məqsədilə amerikalı tərəfdaşları ilə sıx və məhsuldar şəkildə işləməyə davam etmək niyyətindədir. Lakin əvvəlki mərhələdə əldə edilmiş bir sıra razılaşmalar və ortaya çıxan həll yolları ilə bağlı Rusiyanın mövqeyi təbii ki, yenidən nəzərdən keçiriləcək. Bu, çox aydın şəkildə bildirilib", - Uşakov qeyd edib.

Xatırladaq ki, 28 dekabrda Tramp Zelenskini Florida ştatındakı Mar-a-Laqo malikanəsində qəbul edib.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə yeni telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "X"də bildirib.

"Tramp Putinlə Ukrayna ilə bağlı pozitiv söhbət aparıb", - paylaşımda qeyd edilib.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında ABŞ liderinin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşünün nəticələrinə dair yeni telefon danışığı ən yaxın zamanda baş tutacaq.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva Trampın sözləri ilə razıdır, tərəflər Ukrayna münaqişəsinin tənzimlənməsinə yaxındırlar və danışıqlar yekun mərhələdədir.

Bundan əlavə, o, Putin və Zelenski arasında telefon danışığının mümkün olmadığını qeyd edib.

D.Peskov, həmçinin bildirib ki, əvvəlki telefon danışığı zamanı Putin və Tramp Ukraynada milad atəşkəsi məsələsini müzakirə etməmişdilər.

44 filmi