Paşinyan II Qareginin gedişi məsələsində heç bir güzəşt olmayacağını bildirib

Region
  • 10 sentyabr, 2025
  • 20:07
Paşinyan II Qareginin gedişi məsələsində heç bir güzəşt olmayacağını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, bütün ermənilərin katolikosu II Qareginin getməsi məsələsində heç bir güzəşt olmayacaq.

Bu barədə "Report" Ermənistan KİV-ə istinadən xəbər verir.

O, çıxışında erməni kilsəsini insanları mənəvi dəyərlərlə tanış etmək əvəzinə, bunun əksini etməkdə ittiham edib.

"Heç bir güzəşt olmayacaq, sizə açıq deyirəm. Bundan söhbət gedə bilməz. Ktriç Nersisyan (II Qareginin dünyəvi adı - red.) getməlidir. O, nə qədər tez getsə, bir o qədər yaxşıdır. Onu heç nə xilas etməyəcək", - Paşinyan qeyd edib.

Ermənistan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma Baş nazir Nikol Paşinyanın sosial şəbəkələrdə yüksək rütbəli ruhaniləri tənqid etdiyi sərt açıqlamalarından sonra daha da şiddətlənib. Daha sonra hökumət başçısı bütün ermənilərin katolikosunun seçilməsi prosedurunun dəyişdirilməsini təklif edərək, bu prosesdə dövlətin əsas rol oynamasını təklif edib.

İyunun 25-də genişmiqyaslı istintaq fəaliyyətləri zamanı arxiyepiskop Baqrat Qalstanyan və onun bir neçə tərəfdarı saxlanılıb. Ermənistanın İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısının alındığını açıqlayıb.