Papoyan: Türkiyənin investisiyalarını münasibətlərin normallaşacağı halda istisna etmirik
- 13 oktyabr, 2025
- 12:35

Ermənistan Türkiyə münasibətlərin normallaşacağı və sərhədlərin açılacağı təqdirdə bu ölkədən investisiya qoyuluşuna qarşı deyil.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Gevorg Papoyan parlamentdə keçirilən brifinqdə deyib.
O, 2012-ci ildən etibarən Ermənistan bazarında bir neçə Türkiyə şirkətinin, o cümlədən geyim brendlərinin fəaliyyət göstərdiyini xatırladıb.
"Mən bu investisiyaları alqışlayıram. Qonşu ölkələr arasında dayanıqlı sülh maliyyə investisiyaları olmadan mümkün deyil. Əgər biz həqiqətən regionda sabit sülh istəyiriksə, onu iqtisadi inkişafla dəstəkləmək lazımdır", - Papoyan bildirib.
Nazirin sözlərinə görə, sülh bərqərar olduqdan və sərhədlər açıldıqdan sonra Ermənistana xarici, o cümlədən Türkiyədən investisiya qoyuluşu tamamilə təbiidir. Eyni zamanda, Ermənistan iş adamları da qonşu ölkələrə investisiya yatıra biləcəklər.
"Əgər kimsə iqtisadi əməkdaşlıq olmadan həyat qabiliyyətli dövlət qurmağın mümkün olduğunu düşünürsə, çox yanılır", - o vurğulayıb.
Papoyan həmçinin Ermənistanın Sünik bölgəsindən keçəcək "Tramp marşrutu"nun Türkiyənin vəsaiti hesabına həyata keçiriləcəyi barədə şayiələri təkzib edib. Bu halda söhbət tamamilə ABŞ ilə əməkdaşlıqdan gedir.