Özbəkistanda ən böyük yataqlardan birində neft sızması baş verib
- 05 yanvar, 2026
- 11:56
Özbəkistanın cənubundakı Surxandərya vilayətində yerləşən və ölkənin ən böyük yataqlarından biri olan "Müstəqilliyin 25 ili" karbohidrogen yatağında neft tərkibli mayenin səthə çıxması qeydə alınıb.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan mediası ölkənin Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən bildirib.
"Boysun rayonunda yerləşən "M-25" yatağının ərazisində neft tərkibli mayenin səthə çıxması qeydə alınıb", - məlumatda deyilir.
Hazırda vəziyyət nəzarət altındadır, neft mayesinin səthə çıxması lokallaşdırılıb.
"Neft mayesi nümunələrinin analitik tədqiqatlarının nəticələrinə əsasən emal imkanları öyrəniləcək, geoloji tədqiqatlar davam etdirilir", - mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, yatağın təbii qaz ehtiyatları təqribən 150 milyard kubmetrdir.