Özbəkistan Vladivostokda vətəndaşlarının döyülməsi ilə bağlı Rusiya XİN-ə nota göndərib
- 16 sentyabr, 2025
- 05:53

Rusiyanın Vladivostok şəhərində yerli gənclər Özbəkistan vətəndaşlarını döyüblər.
"Report" "Kun.uz" portalına istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülərə Özbəkistanın müvafiq qurumları tərəfindən reaksiya verilib.
Bildirilir ki, rus gənclərin Özbəkistan vətəndaşlarının döyməsi və təhqir etməsi ilə bağlı bu ölkənin Vladivostok şəhərindəki Baş konsulluğu Rusiya Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyinə və Primorsk Vilayət Prokurorluğuna nota göndərib.
"Hadisə müəyyən edilən kimi Vladivostokdakı Baş konsulluğumuzun əməkdaşları dərhal zərərçəkmiş vətəndaşlarımızla əlaqə quraraq onlara hüquqi yardım göstəriblər. Həmçinin vətəndaşlarımız tərəfindən Vladivostok şəhər Daxili İşlər İdarəsinə rəsmi müraciət təqdim olunub və məsələ ilə bağlı bütün zəruri tədbirlərin görülməsi üçün Rusiyanın Xarici İşlər Nazirliyinin Vladivostokdakı nümayəndəliyinə və Primorsk vilayət prokurorluğuna nota göndərilib", – deyə Baş konsulluqdan bildirilib.
Qeyd olunur ki, hadisə Özbəkistanın Vladivostokdakı Baş konsulluğu və Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən xüsusi nəzarətə götürülüb.