Özbəkistan TDT-nin Ağsaqqallar Şurasının gücləndirilməsi üzrə "yol xəritəsi"nin hazırlanmasını təklif edib
- 12 noyabr, 2025
- 20:10
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının institusional potensialının gücləndirilməsi üzrə "yol xəritəsi"nin hazırlanmasını təklif edib.
"Report" bu barədə Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, bu, təşkilatın Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın Beynəlxalq multimodal daşımalar forumunda iştirak etmək üçün Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyevlə görüşü zamanı məlum olub.
Danışıqlar zamanı Ağsaqqallar Şurasının çoxtərəfli təşəbbüslərin koordinasiyası və irəlilədilməsində artan rolunu nəzərə alaraq, təşkilat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunub. Özbəkistanın bu il Budapeşt və Qəbələdə keçirilmiş Türk Dövlətləri Təşkilatının sammitlərində irəli sürdüyü strateji təkliflərin praktiki həyata keçirilməsinə xüsusi diqqət yetirilib.
Özbəkistan Prezidenti Ağsaqqallar Şurasının institusional potensialının gücləndirilməsi, eləcə də türk xalqlarının milli ənənələrinin, mənəvi irsinin və mədəni birliyinin qorunmasına yönəlmiş birgə layihələrin təşviqi üzrə "yol xəritəsi"nin hazırlanmasını təklif edib.