Özbəkistan mətbuatı IX Qlobal Bakı Forumu haqqında yazıb
- 21 iyun, 2022
- 08:28
Yeniliklərdən dərhal xəbərdar olun!
“IX Qlobal Bakı Forumunda “Qlobal dünya düzəninə təhdidlər” mövzusunda beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri müzakirə olunub”.
“Report” xəbər verir ki, bunu iyunun 16-dan 18-dək Bakıda keçirilən forumda iştirak edən Özbəkistanın “Bugun.uz” saytının müxbiri yazıb.
Məqalədə bildirilib ki, Bakı Forumunda əyani və onlayn formatda 300-ə yaxın şəxs, o cümlədən ÜST-ün Baş direktoru Tedros Qebreyesus, “internetin atası” kimi tanınan Vinton Serf, həmçinin BMT, Dünya Bankının nümayəndələri və 50-dən çox ölkənin yüksək rütbəli şəxslər iştirak ediblər: “Azərbaycan Prezidenti İlham Əliyev tədbiri giriş nitqi ilə açıb və forumda çıxış edib.
Forum çərçivəsində “Yaxın Şərqdə, ərəb və müsəlman dünyasında sülh, sabitlik və inkişaf axtarışı” mövzusunda panel iclası keçirilib. Forumda çıxış edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt Yaxın Şərqdə gedən proseslər və regional problemlər haqqında danışıb. İsrailin keçmiş baş naziri Ehud Barak isə Fələstin probleminin həlli ilə bağlı fikirlərini bölüşüb və İsraillə Fələstin arasında dialoqa çağırıb. Eyni zamanda o vurğulayıb ki, İran İsrail üçün əsas təhlükə mənbəyi olaraq qalır. Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakış isə bildirib ki, Fələstin problemi həll olunmayıb və hələ də mövcuddur”.
Yazıda qeyd olunub ki, iyunun 19-da forum iştirakçıları Qarabağ iqtisadi rayonunda - Füzuli və Şuşada olublar. Şuşaya səfər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafı, həmçinin minalardan təmizlənməsi prosesi ilə tanış olmaq məqsədilə baş tutub: "Forum iştirakçılarına müraciət edən Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, şəhərdə 2000-dən çox tarixi abidə var və onların əksəriyyəti Ermənistanın işğalı zamanı dağıdılıb. Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov isə vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi davam edir, lakin işğal illərində bu ərazilər Ermənistan Silahlı Qüvvələrinin yerləşdirdiyi minalarla çox çirkləndiyindən bu proses mürəkkəbdir".
Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev inşa edilən hava limanının tikintisi barədə məlumat verib: "Bu rayonda hava limanının tikintisinin 2022-ci ilin sentyabrında başa çatacağı gözlənilir".