Orsk neft emalı zavodu PUA hücumu səbəbindən 6 ay fəaliyyət göstərməyəcək
- 13 avqust, 2026
- 13:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Pilotsuz uçuş aparatları (PUA) ilə Orska endirilən zərbələrdən sonra yanğının baş verdiyi neft emalı zavodunun təmiri 6 aya qədər davam edə bilər.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Yevgeni Solntsev sosial şəbəkələrdə bildirib.
"Orada vəziyyət mürəkkəbdir. Əsas infrastruktura ziyan vurulub və onun bərpası hələ mümkün deyil. Sanksiyaları nəzərə alsaq, təmir müddəti altı aya qədər uzanacaq. Zavodun fəaliyyəti tamamilə dayandırılıb. Ən pis ssenariyə hazırlaşırıq", - o qeyd edib.
Solntsev izah edib ki, region kənardan gətirilən yanacağa ümid edir və artıq logistika yenidən qurulur.
"287 yanacaqdoldurma məntəqəsindən 80 %-i işləyir. Xatırladım ki, bu gün prioritet xüsusi nəqliyyatdır", - o bildirib.
"Orsknefteorqsintez" "Forteİnvest"in ən böyük aktividir. Zavod benzin, dizel yanacağı, təyyarə yanacağı, bitum və mazut istehsal edir. İllik gücü 5,76 milyon ton neft məhsuludur.