Ömer Çelik: Türkiyə terror yükündən xilas olması istiqamətində qətiyyətlə irəliləyir

Region
  • 11 iyul, 2025
  • 13:57
Ömer Çelik: Türkiyə terror yükündən xilas olması istiqamətində qətiyyətlə irəliləyir

Türkiyə terror yükündən xilas olması istiqamətində qətiyyətlə irəliləyir.

"Report" xəbər verir ki, bu barədə AK Partiyanın sözçüsü Ömer Çelik "X"də yazıb.

O bildirib ki, "Terrorsuz Türkiyə" hədəfi istiqamətində keçmiş terror qruplaşması olan PKK tərəfdarlarının silahlarının təhvil verilməsi prosesi ilə bağlı ilk addım reallaşıb.

“Hörmətli Dövlət Bahçelinin tarixi çağırışı və Prezidentimizin ortaya qoyduğu dövlət iradəsi ilə Türkiyənin terror yükündən xilas olması üçün qətiyyətlə irəliləyirik. "Terrorsuz Türkiyə" hədəfinə çatılmasını, ölkəmizin terror yükündən xilas olmasını və regionun "terrorsuz bölgə"yə çevrilməsini təmin edəcəyik”, - o əlavə edib.

Ö.Çelik vurğulayıb ki, Türkiyə Prezidentinin tapşırıqları ilə dövlət qurumları diplomatiya, kəşfiyyat və təhlükəsizlik başda olmaqla, bütün sahələrdə "Terrorsuz Türkiyə" hədəfinə çatılması üçün əhatəli işlər görməyə davam edirlər:

“Əziz şəhidlərimizin və qəhrəman qazilərimizin misilsiz fədakarlıqları ilə ölkəmizə və milli suverenliyimizə qarşı uzun illərdir davam edən hər cür hücumun qarşısı alınıb. Terrorun ölkəmizə yönələn planlarına yol verilməyib”.

O əlavə edib ki, indiki mərhələdə "Terrorsuz Türkiyə" hədəfinə çatılması üçün kritik bir hədd keçilib. PKK-nın bütün qolları və qeyri-qanuni strukturlarının ləğvi, silahların təhvil verilməsi və yandırılması prosesi qısa zamanda tamamlanmalıdır:

"Prezidentimizin iradəsi ilə dövlət layihəsi kimi həyata keçirilən bu proses çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün bütün təxribatlara qarşı ayıq-sayıq olmalıyıq".