Türk Dövlətləri Təşkilatının Nəqliyyat Əlaqələri Proqramı hazırlanır
- 14 sentyabr, 2023
- 08:09
Yeniliklərdən dərhal xəbərdar olun!
“Türk Dövlətləri Təşkilatının Baş Katibliyi olaraq hazırda Nəqliyyat Əlaqələri Proqramının həyata keçirilməsi üçün Fəaliyyət Planı hazırlayırıq”.
Bunu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Multimodal Nəqliyyat və Logistika Forumunda TDT Baş katibi Kubanbiçek Ömüralıyev “Report”un Türkiyə bürosuna açıqlamasında bildirib.
Baş katib deyib ki, keçən il təşkilatın Səmərqənddə keçirilən sammitində TDT-yə üzv dövlətlərin liderləri Orta Dəhliz boyu infrastrukturun, marşrutun tranzit potensialının artırılması üçün nəqliyyat prosedurlarının rəqəmsallaşdırılması və inteqrasiyası üçün əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
TDT Baş Katibliyi də Səmərqənd sammitinə əsasən, nəqliyyat əməkdaşlığının hüquqi əsaslarının təkmilləşdirilməsi, kombinə edilmiş yükdaşımalar haqqında Saziş, Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş və TDT Nəqliyyat Əlaqələri Proqramı imzalanıb. Bütün bunlar da nəqliyyat və tranzit əməliyyatları üçün əlverişli şəraitin yaradılmasına yönəlib.
K.Ömüralıyevin sözlərinə görə, son bir il ərzində TDT dəmir yolu sektoru istiqamətində təşkilat gündəliyini genişləndirib: “Ötən ilin oktyabrında Daşkənddə Türk dövlətlərinin Dəmir Yolu Administrasiyalarının rəhbərləri üçüncü ölkələrdən əlavə həcmdə yüklərin cəlb edilməsi ilə TDT ölkələri arasında ticarəti artırmaq üçün birbaşa konteyner və multimodal daşımaların, o cümlədən birbaşa blok qatarlarının təşkili üçün səylər göstərməyə razılaşıblar. Və bu qərarların həyata keçirilməsi istiqamətində ilk addım olaraq özəl sektorun fəal iştirakı ilə Türkiyədən Özbəkistana ilk yük qatarının yola salınmasının şahidi olduq. Bu ilin aprelində isə Fərqanə şəhərində “Türk Dövlətlərinin Dəmir Yolu Bağlantıları: Fərqanə Vadisi – Anadolu” adlı Beynəlxalq Forum təşkil etdik”.