Kobaxidze: İki tarixi bölgənin işğalı fonunda Gürcüstan üçün sülh mövcudluq prioritetidir
- 12 dekabr, 2025
- 12:22
İki tarixi bölgənin işğalı fonunda Gürcüstan üçün sülh siyasi seçim deyil, həm də mövcudluq prioritetidir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze Türkmənistanda keçirilən Beynəlxalq Sülh və Təhlükəsizlik Forumunun plenar iclasında deyib.
Baş nazir vurğulayıb ki, dünyanın müxtəlif bölgələrində artan geosiyasi gərginliklər, münaqişələr, iqlim böhranı və iqtisadi qeyri-sabitlik fonunda sülhün qorunması və etimadın gücləndirilməsi qlobal sabitlik üçün əsas alətlərdən biridir.
Kobaxidze forumun BMT tərəfindən Türkmənistanın təşəbbüsü ilə təsis edildiyini xatırladaraq regional və beynəlxalq dialoqun təşviqinə verdiyi töhfəyə görə Türkmənistan hökumətinə təşəkkürünü bildirib.
"Sessiyamızın mövzusu Gürcüstanın dəyərləri və xarici siyasət prioritetləri ilə tam şəkildə səsləşir. Bu gün dünya mürəkkəb çağırışlarla üz-üzədir. Belə bir şəraitdə sülh və etimad prinsipləri yalnız ideal kimi deyil, beynəlxalq təhlükəsizliyin əsas dayaqları kimi qəbul edilməlidir. İki tarixi bölgəmizin işğalının davam etməsi reallığı ilə Gürcüstan sülhü təkcə siyasi seçim kimi deyil, həm də mövcudluq prioriteti olaraq qiymətləndirir", – Baş nazir əlavə edib.