Kobaxidze: Almaniyanın Gürcüstandakı səfirini geri çağırması düzgün və praqmatik qərardır
- 21 oktyabr, 2025
- 16:16

Almaniyanın Gürcüstandakı səfirini geri çağırması düzgün və praqmatik qərardır.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Almaniyanın Tbilisidəki səfirinin geri çağırılması ilə bağlı qərarını şərh edərkən deyib.
Hökumət başçısının sözlərinə görə, Almaniya ilə Gürcüstan arasında münasibətlər tarixi və dərin dostluq ənənələrinə əsaslanır:
"Almaniya ilə əməkdaşlığımız, tərəfdaşlığımız və dostluğumuz çox qədim ənənələrə malikdir. Biz əminik ki, cənab Fişerin məhv etmək istədiyi hər şey tezliklə bərpa olunacaq".
Baş nazir əlavə edib ki, Gürcüstan hökuməti Almaniyanın Tbilisidə yeni səfiriin təyin olunmasından sonra onunla əməkdaşlığa tam açıq olacaq:
"Hesab edirəm ki, Almaniyanın Gürcüstandakı səfirinin geri çağırılması düzgün və praqmatik qərardır. Keçmiş səfirin ölkəmizdə olmasının Almaniya üçün hər hansı məhsuldarlığı yox idi. Heç bir səfir Gürcüstan–Almaniya münasibətlərinə xələl gətirməyib, əksinə, onların hamısı bu əlaqələrin inkişafına müsbət töhfə verib. Biz əminik ki, Almaniyanın yeni səfiri gələndə əməkdaşlığımız əvvəlki kimi davam edəcək".