KİV: "Üç dövlətin şirkətləri etirazçıların telefonlarının izlənilməsində İrana yardım edib"
- 01 mart, 2023
- 07:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Kanadanın “Portavan”, Böyük Britaniyanın “Telecell” və Rusiyanın “Proti” şirkətlərinin “SIAM” sisteminin tətbiqi vasitəsilə mobil telefonlar və internetdə casusluq, eləcə də etiraz aksiyası iştirakçılarının telefonlarının izlənilməsi sahəsində İran hakimiyyəti ilə əməkdaşlıq etdikləri iddia olunur.
“Report” xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.
Bildirilib ki, iki mobil operatorun “First Mobile” və “Irancell”in ümumxalq aksiyalarının yatırılmasındakı roluna baxmayaraq, bu iki şirkətin bir qrup meneceri Barselonada keçiriləcək informasiya texnologiyaları üzrə qlobal konfransa qatılacaq.
“Hamarul Aul” və “Irancell” İranın radioəlaqələrini tənzimlənməsi təşkilatına xidmət edir. Bu təşkilat casusluqda, istifadəçilərin izlənilməsində İran hakimiyyətinə geniş yardım göstərdiyi üçün bir müddət əvvəl Avropa İttifaqının sanksiyalarına məruz qalıb.
Məlumata görə, iki ay əvvəl “Intercept” xəbər saytı bu təşkilatın “SIAM” adlı alətdən istifadə edərək etirazçılar və müxaliflərin mobil telefonlarını izləməsi, onlara nəzarət etməsi barədə bildirib. “SIAM” İranın mobil şəbəkələri səviyyəsində işləyən 40 xüsusi casusluq qabiliyyətinə malik sistemdir. Bu alətlə hökumət mobil internetin sürətini azalda, yaxud kəsə, telefon zənglərinin şifrələməsini sındıra, fərdlərin və ya qrupların hərəkətlərini izləyə bilər.
Vurğulanıb ki, “SIAM”ın reallaşmasında İran hakimiyyəti tək olmayıb. Kanadanın “Citizenlab” şirkətinin hesabatında üç şirkətin - Kanadada “Portavan”, Böyük Britaniyada “Telecell” və Rusiyada “Proti”nin Tehran rejiminə bu sahədə kömək etdiyini göstərən sənədlər var.
Bu əməkdaşlığı izah etmək üçün Britaniya, Kanada və Rusiya şirkətləri ilə əlaqə saxlanılsa da, onlar açıqlama verməyiblər.