KİV: İranın şərqində Sepah komandirinə hücum olub, yaralılar var
- 31 oktyabr, 2025
- 10:31
 
                            
                            
                        İranın Sistan və Bəlucistan əyalətinin Xaş rayonunda İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) komandirlərindən biri Məhəmməd Şahuzay silahlı hücum olub.
"Report" xəbər verir ki, bu barədə məlumatı "Azad İran" yayıb.
Məlumata görə, onun avtomobilinə silahlı hücum bu gecə olub. Hadisə nəticəsində Sepah komandiri Məhəmməd Şahuzayın öldüyü ehtimal edilir. Onun mühafizəçilərinin isə yaralandığı bildirilib.
İnformasiyaya əsasan, Məhəmməd Şahuzay 2022-ci ilin sentyabrın 30-da Zahidandakı "Qanlı Cümə Günü" kimi tanınan etiraz aksiyalarının zor gücü ilə yatırılmasında iştirak etmiş komandirlərdən biri kimi tanınırdı. Həmin hadisə zamanı onun rəhbərliyi altındakı qüvvələr etirazçı etnik bəluclara və başqa mülki vətəndaşlara qarşı amansızlıq ediblər.
"Mehr" xəbər agentliyinin məlumatında isə bildirilib ki, Xaş rayonunda Dehpabid-Eskalabad magistralında naməlum silahlı şəxslər Şahuzay qəbiləsinin rəhbərlərindən birinin olduğu avtomobilə atəş açıblar, nəticədə bir neçə sərnişin yaralanıb.
Məlumata görə, Məhəmməd Şahuzay sosial şəbəkədə şəklini paylaşaraq, sağlamlıq durumunun yaxşı olduğunu bildirib.
