Tim Hokins: ABŞ aviasiyası İranın qanadlı raket və PUA-sını ələ keçirib - YENİLƏNİB
- 13 iyul, 2026
- 02:45
"Axios"un müxbiri Barak Ravid "X" sosial şəbəkə hesabında yazıb ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən ticarət gəmilərini atəşə tutub.
"Report" xəbər verir ki, o bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndəsi kapitan Tim Hokinsə istinadən bildirib.
"Amerika aviasiyası hələ ki, İranın qanadlı raketini və bir hədəfə tuşlanmış pilotsuz uçuş aparatını ələ keçirməyə nail olub", - CENTCOM rəsmisindən sitat gətirilib.
Bundan başqa, Əhvaz və Məhşəhdə partlayış səsləri eşidilib.
"ABŞ-nin Xəndab və Əhvaz şəhərlərinə hücum barədə xəbər təsdiqlənib", - "Mehr" xəbər agentliyinin yaydığı məlumatda qeyd olunub.
Bu barədə Xuzistan vilayətinin təhlükəsizlik məsələləri idarəsindən bildirilib. Əhvaz şəhərində iki obyektin hücuma məruz qaldığı deyilir: "Mümkün zərərlər barədə ətraflı məlumat daha sonra açıqlanacaq".
İranın Sirik şəhərinin kəndlərindən birinin ətrafında bir neçə partlayış səsi eşidilib.
"Report" IRIB-yə istinadən xəbər verir ki, Sirikdə rabitə qülləsinə hücum baş verib.
"Həmin qüllə əvvəllər də atəşə tutulub", - məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda Bəndər Abbas limanının qərb hissəsi də hücuma məruz qalıb:
"Cask rayonunda üç partlayış səsi eşidilib. Qeşm adası ərazisində də eyni vəziyyətdir".
Dağıntı və insan tələfatı barədə məlumat açıqlanmayıb.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri bazar ertəsinə keçən gecə İran ərazisindəki hədəflərə yeni zərbələr seriyası endirməyə başlayıb.