AEBA: İsrailin zərbələri nəticəsində Xondabdakı ağır su reaktoru zədələnib - YENİLƏNİB

Region
  • 19 iyun, 2025
  • 13:43
AEBA: İsrailin zərbələri nəticəsində Xondabdakı ağır su reaktoru zədələnib - YENİLƏNİB

İsrail Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində Xondabda tikilməkdə olan ağır su reaktoru zədələnib.

“Report”un məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.

"AEBA Xondabda (keçmiş Ərak) tikilməkdə olan ağır su reaktorunun zədələnməsi ilə bağlı məlumata malikdir. Reaktor fəaliyyətdə deyildi və heç bir nüvə materialı ehtiva etmirdi, buna görə də radiasiya təhlükəsi yoxdur", - paylaşımda qeyd edilib.

Həmçinin bildirilib ki, hazırda AEBA Xondabdakı ağır su istehsalı zavodunun zədələndiyini təsdiqləyən məlumata malik deyil.

09:25

İsrail Silahlı Qüvvələri İranın Xondab şəhərində ağır su reaktorunun yerləşdiyi əraziyə zərbə endirib, sızma təhlükəsi yoxdur.

“Report” xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

"Xondabda ağır su reaktorunun yaxınlığındakı ərazi İsrailin hücumuna məruz qalıb. Səlahiyyətlilər bildiriblər ki, obyektdə əvvəlcədən təxliyə aparılıb, sızma təhlükəsi yoxdur", - agentlik yazıb.