İoseb Arçvadze: Azərbaycan BTQ-nin reallaşmasında əsas təşəbbüskardır

Region
  • 04 iyun, 2026
  • 22:54
İoseb Arçvadze: Azərbaycan BTQ-nin reallaşmasında əsas təşəbbüskardır

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tam gücü ilə istifadəyə verilməsi region üçün mühüm strateji hadisədir.

Bunu Gürcüstanın tanınmış professoru İoseb Arçvadze "Report"un yerli bürosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihə Azərbaycan, Gürcüstan və Türkiyə arasında iqtisadi əlaqələrin və əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verir, ölkələri bir-birinə daha sıx bağlayır.

Ekspert qeyd edib ki, BTQ xəttinin istifadəyə verilməsi regionun nəqliyyat və infrastruktur xəritəsində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Layihə yalnız daşımaların həcmini artırmaqla kifayətlənmir, həm də region ölkələrində məşğulluğun artmasına və iqtisadi fəallığın güclənməsinə şərait yaradır.

Onun fikrincə, proses Azərbaycan, Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, regional əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.

BTQ-nin uğurla həyata keçirilməsində Azərbaycanın rolu xüsusi və həlledici əhəmiyyət daşıyır.

İ.Arçvadzenin sözlərinə görə, layihənin maliyyələşdirilməsinin əsas hissəsi Azərbaycan tərəfindən təmin olunub ki, bu da onun reallaşmasında Bakının strateji mövqeyini bir daha nümayiş etdirir.

Ekspert qeyd edib ki, bu yanaşma Azərbaycana həm Gürcüstan, həm də Türkiyə ilə daha sabit və dayanıqlı iqtisadi əlaqələr qurmaq imkanı yaradır:

"Bu layihənin reallaşdırılması nəticəsində üç əsas istiqamətdə strateji faydalar əldə olunacaq. Birincisi, Asiyadan Avropaya daşınan yüklərin daha sürətli və təhlükəsiz şəkildə çatdırılması təmin ediləcək.

İkincisi, Azərbaycan iqtisadiyyatı üçün alternativ nəqliyyat marşrutlarının genişlənməsi nəticəsində yükdaşımaların həcminin artması və tranzit imkanlarının güclənməsi gözlənilir. Bu, ölkənin beynəlxalq logistika sistemində mövqeyini daha da möhkəmləndirəcək.

Üçüncüsü isə Türkiyənin həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya istiqamətində nəqliyyat əlaqələrini daha da gücləndirməsinə şərait yaranacaq. Eyni zamanda Gürcüstan regionda mühüm tranzit və logistika mərkəzi kimi rolunu daha da genişləndirəcək və əməkdaşlıqdan əlavə iqtisadi faydalar əldə edəcək".

O, əlavə edib ki, bu əməkdaşlıq region ölkələri arasında strateji tərəfdaşlığı gücləndirir.