İran ordusunun Baş Qərargah rəisi Türkiyədə görüşlərə başlayıb
- 15 avqust, 2017
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar iranlı həmkarı Məhəmmədhüseyn Baqirini Ankarada qəbul edib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüşdə terrorçuluğa qarşı mübarizə, bölgədəki vəziyyət, qarşılıqlı müdafiə istiqamətində əlaqələr və sərhəd bölgələrində əməkdaşlığa dair məsələlərin müzakirə olunduğu ehtimal edilir.
İran Silahlı Qüvvələri Baş Qərargah rəisi, briqada generalı Məhəmmədhüseyn Baqiri Türkiyədə üçgünlük səfərdə olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurettin Canikli və MİT müşaviri Hakan Fidanın da iranlı qonağı qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, İranın müdafiə naziri Hüseyn Dehqan yeni hökumətdə təmsil olunmayacaq. Bu vəzifəyə 51 yaşlı Əmir Hatəminin namizədliyi irəli sürülüb.
M.Baqirini səfərdə İran xarici işlər nazirinin müavini İbrahim Rahimpur, İran İnqilab Keşikçiləri Qvardiyası Quru Quşunları komandanı, general Məhəmməd Haqpur və başqaları müşaiyət edirlər.