Gürcüstanın XİN rəhbəri: Azərbaycan, Ermənistan və Türkiyə ilə strateji tərəfdaşlığımız var
- 17 sentyabr, 2025
- 02:41

Gürcüstanın Azərbaycan, Ermənistan və Türkiyə ilə strateji tərəfdaşlığı var.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib.
O, qeyd edib ki, ölkəsinin qlobal təhlükəsizlik məsələlərində əsas prioriteti qonşularla münasibətlərin inkişafıdır.
Nazir Gürcüstanın "Birinci Kanal"ına açıqlamasında qeyd edib ki, Azərbaycan, Ermənistan və Türkiyə ilə strateji tərəfdaşlıq Gürcüstan üçün xüsusi əhəmiyyət kəsb edir:
"Qlobal təhlükəsizlikdən danışarkən, ilk növbədə qonşularımızla münasibətlərdən başlamalıyıq. Gürcüstanın üç qonşusu – Azərbaycan, Ermənistan və Türkiyə ilə strateji tərəfdaşlığı var və hər üç ölkə ilə əlaqələr bizim üçün çox qiymətlidir".
O, həmçinin xatırladıb ki, Tbilisi Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən ilk görüşə ev sahibliyi edib. Nazir bu formatın davamlı olacağına inandığını bildirib. "Əminəm ki, Azərbaycan, Gürcüstan və Ermənistan arasında ilk görüş bu formatda olub və qarşıdakı dövrdə də davam edəcək. Biz bölgə üçün vacib məsələlərin müzakirəsində iştirak etməyə hazırıq", - xarici işlər naziri vurğulayıb.